Bakı, Ankara və Tehran birgə nəqliyyat layihələrinin reallaşdırılması məqsədilə tədbirlərin həyata keçirilməsinə dair razılığa gəliblər.
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsini imzalayıblar.
“Tərəflər beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, nəqliyyat infrasturukturunun inkişafı və tranzit potensialının artrırılması naminə yeni layihələrin həyata keçirilmısi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər”, Bəyannamədə qeyd olunur.
Bundan başqa, Azərbaycan, İran və Türkiyə enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşıblar.
Sənəddə qeyd edilir ki, nazirlər Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışlayıblar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd ediblər.
“O cümlədən nazirlər neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə ediblər, həmçinin üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağa razılaşıblar”, - sənəddə vurğulanır. **
B.Rüstəmbəyov