IBM şirkəti Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Bunu IBM Global Market korporasiyasının baş vitse-prezidenti Erik Klementi bu gün prezident İlham Əliyevlə görüş zamanı bildirib.
«E.Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini deyib”, - deyə dövlət başçısının saytında verilən məlumatda qeyd olunur.
Prezident İ.Əliyev IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu deyib. O, ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
“Dövlət başçısı qeyd edib ki, Azərbaycan böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. O, IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə