Azərbaycan və İranın gömrük xidmətləri gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə dair perspektiv iş planı tərtib edəcəklər. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Dekabrın 20-də Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli işçi görüş keçirilib. Tədbir Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi üzrə" Texniki Təminat Sənədinin müzakirəsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.
"Görüşdə məlumat mübadiləsi sisteminin test rejimindən aktiv mərhələyə keçidi barədə qərar qəbul olunub. Artıq Azərbaycan və İran arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin tətbiqinə başlanılıb. Belə ki,risklərin idarə edilməsi sistemi vasitəsilə iki ölkə arasında keçirilən mallar və nəqliyyat vasitələrinin "yaşıl dəhliz" buraxılış sistemindən istifadəsi təmin olunacaq. Bu isə sərhəddə mallar və nəqliyyat vasitələrinin hərəkətini daha da sürətləndirəcək”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin məlumat verilib ki, Azərbaycan və İran gömrük xidmətləri arasında gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə dair perspektiv iş planı tərtib edilərək hazırlanıb və təsdiq edilməsi üçün hər iki ölkənin gömrük xidmətlərinə təqdim ediləcək.*
A.Əzizov