Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir”, - deyə o, bu gün Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir.
“Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.”, - deyə İ.Əliyev qeyd edib.
R.Babayev