Bakı və Tbilisi iri regional nəqliyyat və enerji layihələrinin reallaşdırılması sayəsində qarşılıqlı ticarət dövriyyəsini 2-3 dəfə artıra bilər. Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze belə hesab edir.
“Azərbaycan-Gürcüstan ticari-iqtisadi münasibətlərin yaxşı perspektivləri var. Bu il qarşılıqlı ticarət dövriyyəsində artım müşahidə edirik. Düşünürəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun və “Cənub Qaz Dəhlizi” layihəsinin istifadəyə verilməsi ilə ticarət dövriyyəsini 2-3 dəfə artıra biləcəyik. Əlbəttə ki, energetikadan başqa digər sahələri də inkişaf etdirməliyik”, - M.Baxtadze cümə günü jurnalistlərə bildirib. Bunu “AzərTAc” agentliyi məlumat verir.
Nazir əlavə edib ki, ilkin mərhələdə BTQ ilə yükdaşımalarının həcmi 5 mln. ton təşkil edəcək, gələcək illərdə 10 mln. tona qədər artacaq. “Bu dəmir yolu ilə hər il ən azı 300 min konteyner daşınacaq”, - M.Baxtadze vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və əsas investordur. **
A.Əzizov