«Cənub Qaz Dəhlizi» (CQD) QSC “Şahdəniz” yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
«Bu gün Azərbaycan hökumətinin dövlət zəmanəti və Asiya İnkişaf Bankının (AİB) zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kreditin verilməsi haqqında kredit və zəmanət sazişləri imzalanıb», - deyə məlumatda bildirilib.
Zəmanət sazişini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit sazişini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıblar.
Bununla belə, sindikatlaşdırmanın iştirakçıları barədə məlumat verilmir.
“Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud “Şahdəniz-1” və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi ümumi tələb olunan $11,5 mlrd. məbləğində vəsaitdən indiyədək $8,4 mlrd. hissəsi, yəni 73%-i istifadə edilib. Bundan cari ilin əvvəlindən bu günədək $2,3 mlrd. məbləğində investisiya qoyulub.
Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 87,4%-i, Trans-Adriatik boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 60,8%-i icra edilib.*
N.Abbasova