2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Gürcüstanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq $493,2 mln. olub. Bunu maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Şərifov bu gün Bakıda Gürcüstandan olan həmkarı Mamuka Baxtadze ilə danışıqlar aparıb.
O qeyd edib ki, hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir.
Nazirin sözlərinə görə, bu ilin 9 ayının yekunları üzrə Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların məbləğinə görə birinci sıradadır.
M.Baxtadze Gürcüstanın Azərbaycanla əməkdaşlıqda və məlumat mübadiləsində maraqlı olduğunu diqqətə çatdırıb.
"Gürcüstan tərəfi hazırda Azərbaycanın Maliyyə Nazirliyində tətbiq olunan avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə tanış olub”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov