Azərbaycanda qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılıb. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün Azərbaycan böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur”, - İ.ƏIiyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik məktubunda deyilir.
O həmçinin qeyd edib ki, ölkəmiz təşəbbüskarı olduğu transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanıb.
Prezident xatırladıb ki, nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
“Bu həm də Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır”, - İ.Əliyev vurğulayıb.
Dövlət başçısı xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırıb. İ.Əliyev inanır ki, həmvətənlərin məqsədyönlü və birgə fəaliyyəti gücümüzü daha da artıracaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir.
İ.Əliyev dünya azərbaycanlılarına möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıb. **
F.İsazadə