Prezident İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Sənədin mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənədə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilin proqnoz ilə müqayisədə artım 20%), xərcləri 21 mlrd. 47 mln. manat (artım 17,3%) təşkil edəcək.
Beləliklə, 2018-ci ilə dövlət büdcəsinin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin strukturunda Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmalar 9 mlrd. 216 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,8% səviyyəsində nəzərdə tutulur.
Xərclər strukturunda 2018-ci ildə müdafiə sahəsinə 2 mlrd. 738,722 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 197,182 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,978 mln. manat, səhiyyə sahəsinə 739,334 mln. manat, ümumi dövlət xidmətləri 3 mlrd. 622,839 mln. manat yönəltmək planlaşdırılır.
Gələn il 4 mlrd. 824,2 mln. manat məbləğində dövlət kapital qoyuluşları nəzərdə tutulur.
2018-ci ilin dövlət büdcəsində neftin 1 bareli 45 dollardan hesablanıb.
Gələn il ÜDM-in artımı 1,5%, orta illik inflyasiya 6,1% səviyyəsində proqnozlaşdırılır.
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat, xərcləri 17 nlrd. 941 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov