Azərbaycan prezidenti Maliyyə Sabitliyi Şurasına gələn il yanvar ayının ilk yarısında “2018-ci il və ortamüddətli dövr üçün makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nı təsdiq etməyi tapşırıb.
Bu barədə Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədəfərmanında qeyd edilir.
Bundan əlavə, Maliyyə Sabitliyi Şurası 2018-ci il üçün pul proqramını, “2018-ci il və ortamüddətli dövr üçün makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nı 15 gün müddətinə təsdiq etməlidir.
Prezident İlham Əliyevin fərmanına əsasən, 16 iyul 2016-cı il tarixində Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb.
Şuranın yaradılmasında məqsəd ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasıdır. Şuranın sədri Artur Rasizadə təyin olunub. Şuranın üzvləri Azərbaycan Respublikası prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur. **
A.Əzizov