Azərbaycan və Türkiyənin gömrük orqanları 2018-ci ilin mart ayınadək tranzit yükdaşımaları haqqında məlumat mübadiləsinin həyata keçirilməsinə başlamağı planlaşdırır. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
«DGK və Türkiyə Gömrük və Ticarət Nazirliyinin nümayəndələrinin bu gün Bakıda keçirilən görüşündə tərəflər qeyd ediblər ki, iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri barədə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə texniki işlərə başlanılıb və pilot variantda 2018-ci ilin mart ayınadək tranzit yükdaşımaları haqqında məlumat mübadiləsi həyata keçiriləcək», - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş”in Texniki Təminat Sənədinin hazırlanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gömrük məsələləri və iki ölkə arasında risklərin idarə olunması məsələlərimüzakirə edilib.*
N.Abbasova