Prezident İlham Əliyev bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il üçün kəsirsiz büdcəsini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
DSMF-nin 2018-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578 mln. 760 min manat həcmində təsdiq olunub.
Gələn il gəlirlərin strukturunda 1 mlrd. 300 mln. manat dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq.
Bundan əlavə, icbari sosial sığorta üzrə DSMF-yə ayırmalar 2 mlrd. 273,26 mln. manat səviyyəsində proqnozlaşdırılır. Büdcə təşkilatlarının əməkdaşlarının icbari sığortası üzrə daxilolmalar 838,7 mln. manat, özəl sektorda 1 mlrd. 408,26 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
Gələn il xərclərin strukturunda əhaliyə ödənişlərə 3 mlrd. 495,1 mln. manat, pensiyaların ödənilməsinə 3 mlrd. 407 mln. manat, müavinətlərin ödənilməsinə 88,1 mln. manat yönəldiləcək.
Pensiya və müavinətlərin verilməsi ilə bağlı bank xidməti xərcləri 20,5 mln. manat, fondun aparatının saxlanması xərcləri 41,5 mln. manat məbləğində proqnozlaşdırılır, qalan məbləğ digər xərclərin payına düşüb.*
N.Abbasova