Moskva Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin aktivləşməsini alqışlayır və bunun nəticə verməsində maraqlıdır. Bunu Rusiyanın xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin deyib.
“Rusiya 2018-ci ilin yanvar ayında keçiriləcək nazirlərin görüşü daxil olmaqla, danışıqlar prosesinin aktivləşməsini alqışlayır, bunun nəticə verməsində maraqlıdır”, - Q.Karasin “İnterfaks”a müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Rusiya mövcud nailiyyətlər əsasında Bakı və İrəvanın münaqişənin güzəştli nəticələrini axtarmaq cəhdlərini dəstəkləyir. “Öz tərəfimizdən, Minsk qrupunda həmsədrlik üzrə tərəfdaşlarımızla bundan sonra da uzanan münaqişənin sülh yolu ilə həllinə vasitəçi qismində yardım göstərəcəyik”, - Q.Karasin vurğulayıb.
O bildirib ki, Rusiya, ABŞ və Fransanın vahid mövqeyi cari ilin dekabr ayında Vyanada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Şurasında üç ölkənin nümayəndə heyətlərinin başçılarının birgə bəyanatında dəqiq bildirilib.
Həmçinin Q.Karasin xatırladıb ki, 2017-ci ilin oktyabr ayında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin yardımı ilə Ermənistan-Azərbaycan sammiti keçirilib. “Sammitdə danışıqlar prosesini intensivləşdirmək və münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönələn əlavə tədbirlər həyata keçirməyinə dair razılıq əldə olunub”, - o qeyd edib.
Bundan əlavə, Q.Karasin bəyan edib ki, cari ilin dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyanada ATƏT XİNŞ çərçşivəsində hələlik razılıq əldə olunmayan əsas məsələləri müzakirə ediblər.
“Münaqişə zonasında gərginliyin azalmasına şərait yaradan mümkün tədbirlər nəzərdən keçirilib. Tərəflərə ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər təqdim olunub. Nazirlər 2018-ci ilin yanvar ayında vasitəçi “üçlüyün” iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bu və digər məsələlər üzrə danışıqları davam etdirməyi qərara alıblar”, - Q.Karasin vurğulayıb. **
F.İsazadə