Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 146 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Bu il 1,953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 mln. manat güzəştli kredit verilib.Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 6,6 minədək yeni iş yerinin açılmasına imkan yaradır.
Verilən kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4% müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib.
2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.
Çərşənbə günü Sahibkarlığa Kömək Milli FonduSuraxanı rayonunda sahibkarlığa dövlət dəstəyi üzrə tədbir təşkil edib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 8,8 mln. manat güzəştli kredit verilib.Verilən kreditlər əsasən, aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.
Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Məlumatda qeyd olunur ki, 2018-ci ildə aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq. **
N.Abbasova