2017-ci ildə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3 minə yaxın vətəndaş ipoteka krediti alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
“Cari il 3 minə yaxın Azərbaycan vətəndaşı AİF-in xətti ilə 194 mln. manat ümumi məbləğdə kredit əldə edib”, - AİF-dən qeyd ediblər.
Ümumilikdə, fəaliyyət dövrü ərzində AİF tərəfindən 930 mln. manat məbləğində kredit verilib. 21 min vətəndaş kredit əldə edib.
Kreditlərin ümumi hıcmindən 276 mln. manatdan çoxu sosial ipotekanın payına düşüb.
Həmçinin qeyd olunub ki, 2017-ci ildə Fondun istiqrazlarının emissiyası vasitəsilə 265 mln. manat məbləğində vəsait cəlb edilib. Dövriyyədə olan istiqrazlardan əsas borcun ödənilməsinə 65 mln. manat yönəldilib.
Ümumilikdə, 2009-cu ildən etibarən Fond istiqrazların 13 emissiyasını həyata keçirib, bununla da 655 mln. manat cəlb olunub. Hazırda dövriyyədə olan istiqrazların həcmi 534,6 mln. manat təşkil edir.
2017-ci ildə dövlət büdcəsindən Fond üçün 50 mln. manatın ayrılması nəzərdə tutulurdu (sosial ipotekaya). “Cari il üçün nəzərdə tutulan vəsaitin bütün həcmi AİF-ə köçürülüb. Ümumilikdə, 2005-2017-ci illərdə AİF dövlət büdcəsindən 366 mln. manat məbləğində vəsait əldə edib”, - Fonddan vurğulayıblar.
Azərbaycan prezidenti İlham Əliyev 26 dekabr tarixində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” yaradılmasına dair fərman imzalayıb. **
B.Rüstəmbəyov