Azərbaycan hökuməti bir neçə il ərzində Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ)yenidənqurulma işlərinə dövlət büdcəsindən vəsait ayırmağı planlaşdırır. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“BNEZ-nin yenidənqurulmasını vacib infrastruktur layihə kimi qiymətləndiririk. Bu səbəbdən bir neçə il ərzində dövlət büdcəsindən bu məqsədlərə vəsait ayrılacaq”, - S.Şərifov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bundan əlavə hökumət neft hasilatının səviyyəsinin dəstəklənməsi məqsədilə SOCAR şirkətinə maliyyə dəstəyi göstərəcək. “Bu məqsədlər üçün, xüsusilə 2018-ci ildə dövlət büdcəsindən vəsait ayrılacaq”, - nazir vurğulayıb.
Son qiymətləndirməyə əsasən, BNEZ-də yenidənqurulma və modernləşmə layihəsinin dəyəri $1,5 mlrd.-a yaxın təşkil edir.
BNEZ-də yenidənqurulma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:yeni qurğuların inşası vəmövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.
BNEZ-də yenidənqurulma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub. Birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsi tikilib istismara veriləcək.
İkinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası nəzərdə tutulur.
Üçüncü mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması planlaşdırılır.
Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək.
Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur. **
A.Əzizov