Minsk Belarus ərazisində “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin açılması məsələsində SOCAR-la əməkdaşlıq etməyə hazırdır. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu gün mətbuat konfransında deyib.
"Bu məsələ Azərbaycan tərəfi ilə fəal şəkildə müzakirə olunacaq. Biz bu əməkdaşlığa açığıq və bu mövzunu müzakirə etməyə hazırıq. Düşünürəm ki, SOCAR da maraqlı olarsa, bu məsələ həll oluna bilər", - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan neftinin Belarus NEZ-lərinə tədarükü məsələsi də müzakirə olunacaq. "Söhbət Azərbaycan neftinin Belarus NEZ-lərində emal olunması və əldə edilən neft məhsullarının Avropa ölkələrinin və SOCAR-ın xüsusilə aktiv olduğu qonşu ölkələrin - Ukrayna, Rumıniya bazarlarında satışı üçün tədarükündən gedir”, - deyə diplomat qeyd edib.
O vurğulayıb ki, hazırda neftin boru kəmərləri ilə Ukrayna ərazisindən tədarükünü təmin etmək üçün Belarus ərazisindəki neft kəmərləri yenilənir. "İndiyədək neft Ukraynadan dəmir yolu ilə tədarük olunurdu. Lakin bunun son dərəcə mənfəətsiz olduğunu nəzərə alaraq neftin boru kəmərləri ilə nəqlinə keçmək istəyirik. 2018-ci ildə bu məsələ öz həllini tapacaq", - deyə G.Axramoviç bildirib.
Səfir əlavə edib ki, Belarus öz neft məhsullarının Azərbaycana tədarükü məsələsini də müzakirə edir. Ancaq bu məsələnin reallaşdırılması onun kommersiya cəhətdən əlverişli olmasından asılıdır.*
N.Abbasova