Belarus dərman istehsalı üzrə əczaçılıq müəsisəsinin yaradılması layihəsinə dair Azərbaycana əməkdaşlıq təklif edir. Bunu Belarusun Bakıdakı səfiri Gennadi Axramoviç cümə axşamı mətbuat konfransında deyib.
“Hazırda Azərbaycan tərəfi ilə burada əczaçılıq müəssisəsinin yaradılmasına dair danışıqlar aparılır. 2018-ci ilin əvvəlində bu məsələyə dair konkret razılığın əldə olunacağı və müvafiq sənədlərin imzalanacağına ümid edirik. 2018-ci ilin ikinci yarısında isə bu layihənin reallaşdırılması üzrə praktiki işlərə başlanacaq”, - diplomat bəyan edib.
Onun sözlərinə görə, söhbət kiçik sayda şiş əleyhinə preparatların buraxılması üzrə müəssisənin yaradılmasından gedir. “Müzakirələr zamanı Azərbaycanda hansı preparatlara tələbatın olması müəyyən olunacaq”, - səfir qeyd edib.
G.Axramoviç vurğulayıb ki, hazırda Belarus daxili istehsal sayəsində dərmana olan tələbatın 50%-ni təmin edir. “Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq. Bu cür layihənin reallaşdırılması üçün həm texnologiyalar, həm kadrlarımız var”, - o əlavə edib.
Səfir bildirib ki, bu cür layihənin maliyyələşdirilməsi “xüsusi problem” yaratmayacaq. “Belarus Azərbaycanda əczaçılıq müəssisəsinin yaradılmasını maliyyələşdirməyə və ya bu layihəni Azərbaycan tərəfi ilə birgə həyata keçirməyə hazırdır. Beynəlxalq təşkilatlardan kreditlərin və ya qrantların cəlb ediməsi mümkündür. Bir sözlə, bu məsələnin həlli Azərbaycanın bunu hansı formada reallaşdıracağından asılıdır”, - diplomat vurğulayıb.
G.Axramoviç əlavə edib ki, layihə nəinki Azərbaycanda daxili tələbatın ödənilməsi, həm də üçüncü ölkələrə ixrac üçün dərmanların istehsalına yönəlib. **
N.Abbasova