Belarus 2018-ci ildə Azərbaycanla ticarət dövriyyəsinin həcmində artım gözləyir. Bunu Belarusun Bakıdakı səfiri Gennadi Axramoviç cümə axşamı mətbuat konfransında deyib.
“2017-ci ilin 10 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi $119 mln., cari ilin yekunları üzrə isə bu göstəricinin təxminən $150 mln. təşkil edəcəyi gözlənilir. Hazırki reallıqda bu pis göstərici deyil. Lakin 2018-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin dəfələrlə artacağını və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının tarixində rekord səviyyəyə çatacağını gözləyirik”, - diplomat bəyan edib.
Onun sözlərinə görə, 2018-ci ildə birgə layihələrin reallaşdırılması hesabına ticarət dövriyyəsinin artımı gözlənilir, lakin detalları qeyd etməyib.
Səfir əlavə edib ki, 2017-ci ildə Azərbaycan və Belarus arasında 300 qrup mallar üzrə ticarət həyata keçirilib. Belarusdan Azərbaycana ixrac strukturuna maşınqayırma, ərzaq, ağac emalı və əczaçılıq sənayesinin məhsulları daxildir. Öz növbəsində, Belarus Azərbaycandan neft-kimya məhsulları, alüminium lövhə, spirtli içkilər (konyak, şərab), meyvə-tərəvəz və s. məhsullar idxal edib.
Həmçinin diplomat qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında Belarus mallarının firma mağazası fəaliyyət göstərir. “2018-ci ildə digər regionlarda da analoji mağazaların açılışı planlaşdırılır”, - G.Axramoviç vurğulayıb.
Nəqliyyat sahəsində əməkdaşlığa toxunan səfir qeyd edib ki, Belarus Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi və Şimal-Cənub dəmir yoluna qoşulmaqda “olduqca maraqlıdır”.
“Bu, bizə nəinki İrana, həm də Asiya ölkələrinə Belarus məhsullarının tədarükünü optimallaşdırmağa imkan yaradacaq”, - diplomat bildirib. **
N.Abbasova