Azərbaycan Mərkəzi Bankı (AMB) makroiqtisadi sabitliyin təmin edilməsi çərçivəsində inflyasiyanın səviyyəsinin azaldılmasını ortamüddətli dövr üçün əsas vəzifə hesab edir.
“Ortamüddətli dövrdə makroiqtisadi siyasət, ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir”, - deyə Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Pul bazarının inkişaf etdirilməsi üzrə nəzərdə tutulan işlər mütəşəkkil təminatsız banklararası kredit bazarının yaradılması; qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası REPO bazarının formalaşdırılması; banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı kimi istiqamətləri əhatə edir.
“Dövlət qiymətli kağızları bazarının dərinləşdirilməsi ölkədə adekvat gəlirlik əyrisinin və bu əsasda bençmark faiz dərəcələrinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir”, - deyə məlumatda vurğulanır.
Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.*
A.Əzizov