Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan «MİDA» MMC Yasamal Yaşayış Kompleksində tikinti işləri çərçivəsində 18 mln. manata yaxın vəsait cəlb edəcək. Bu barədə cəmiyyətdən məlumat verilib.
“Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı 2017-ci il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 mln. manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək”, - məlumatda deyilir.
MİDA-nın birinci layihəsi olan və 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunub. Belə ki, 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb, tamamlama-bəzək işləri davam etdirilir. aralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.
“Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7,5 mindən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib”, - məlumatda bildirilir. **
N.Abbasova