2018-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən orta illik gəlirlilik göstəricisi 1,72% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2017-cı ilin proqnoz göstəricisindən 0,21 faiz bəndi çoxdur. Bu barədə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd olunur.
“2018-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,72% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2017-cı ilin proqnoz göstəricisindən (1,51%) 0,21 faiz bəndi çoxdur”, - deyə rəydə bildirilir.
Gələn il ARDNF-in ABŞ dolları ilə investisiyalardan gəlirləri 2,02630%, funt sterlinq ilə investisiyalardan gəlirləri 0,95709%, digər valyutalarda (avro istisna olmaqla) investisiyalardan gəlirləri 6,9485933% səviyyəsində proqnozlaşdırılır.
«Fondun ABŞ dolları, avro və funt sterlinqlə səhmlər üzrə investisiyalardan gəlirləri 1%, digər valyutalarla investisiyalardan gəlirləri 3% səviyyəsində proqnozlaşdırılır. ARDNF-in ABŞ dolları, avro, funt sterlinq və digər valyutalarla daşınmaz əmlak üzrə investisiyalardan orta gəlirliliyi 3,98% təşkil edəcək», - deyə rəydə qeyd olunur.
2018-ci il üzrə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi 605,84 mln. ABŞ dolları və yaxud 1042,04 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 8,1% çox, gözlənilən icra göstəricisindən isə 4,5% azdır.*
N.Abbasova