Prezident İlham Əliyev əmindir ki, 2018-ci il ölkə üçün uğurlu olacaq.
“2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır. Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır”, - deyə İ.Əliyevin Dünya Azərbaycanlılarının HəmrəylikGünü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirilir.
O vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. “Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev əlavə edib ki, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. “Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, gün gələcək Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq.*
A.Əzizov