Azərbaycan apardığı islahatlar nəticəsində dünya bazarlarında neftin qiymətinin azalması ilə bağlı çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu prezident İlham Əliyev deyib.
“2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir”, - İ.Əliyevin Dünya Azərbaycanlılarının HəmrəylikGünü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyilir.
Onun sözlərinə görə, bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. “Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev bildirib ki, bu il iqtisadiyyatın qeyri-neft sektoru 2%-dən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3%-dən çox, kənd təsərrüfatı isə 4%-dən çox artmışdır. “Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, valyuta ehtiyatlarımız 4,5 mlrd. dollardan çox artıb”, - o əlavə edib.
Prezident qeyd edib ki, bu il neft-qaz sektorunda tarixi hadisələr baş verib. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. “Cənub Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir”, - o bildirib.
İ.Əliyev bu il digər tarixi layihə öz həllini tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. “Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir”, - prezident vurğulayıb. **
A.Əzizov