Bakı ATƏT-in sədri kimi İtaliyanın prioritetlərinə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin daxil olunmasını müsbət qiymətləndirir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil olunmasını müsbət qiymətləndiririk”, - H.Hacıyevin bəyanatında bildirilir.
Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək.
İtaliyanın xarici İşlər naziriAngelino Alfano çərşənbə axşamı ATƏT-in saytında dərc olunan məqaləsində qeyd edib ki, Roma ATƏT-in sədrliyi dövründə dondurulmuş münaqişələrin həlli üzrə fəaliyyətini gücləndirəcək.
O xüsusilə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər davam etdiriləcək. “İtaliya uzunmüddətliu münaqişələrin mövcud həlli formatları vasitəsilə ATƏT-in fəaliyyətini möhkəmləndirəcək. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə işi davam etdirəcəyik”, - nazir vurğulayıb. **
A.Əzizov