Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ildə qaçqın və məcburi köçkünlər üçün məhəllə və yaşayış qəsəbələrinin tikintisi üzrə yeni layihəni maliyyələşdirməyə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Fondun 2018-ci il büdcəsində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinn yaxşılaşdırılması üzrə layihələrin həyata keçirilməsinə 200 mln. manatın ayrılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.
2018-ci ildə yeni tədbirlər çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir, Ağcabədi və Bərdədə yaşayan 4,657 min qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış qəsəbələrinin tikintisinə 195,8 mln. manatın ayrılması planlaşdırılır. Bundan başqa, Bakının Qobu qəsəbəsində 12 min ailə üçün yaşayış məhəllələri və qəsəbələrin tikintisi də nəzərdə tutulur.
Bu il Tərtər, Füzuli, Sabirabad və Qazax rayonlarında sözügedən kateqoriyadan olan şəxslər (2,03 min ailə) üçün qəsəbələrin tikintisinin başa çatmasına 4,2 mln. manat ayrılacaq.*
B.Rüstəmbəyov