Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Goranboy rayonunda qətldə şübhəli bilinən şəxsi saxlayıblar.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
“Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat edib”, - məlumatda deyilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri iləcinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.
“Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda vurulanır.
Bununle yanaşı, yerli mətbuatın məlumatına görə, Goranboy rayonunun Dəliməmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib.
“Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan beşini bıçaqlayıblar”, - yerli mətbuatda qeyd olunur.
F.İsazadə