Azərbaycanda 3 alpinistin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında deyilir.
Cinayət işi xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanıb.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin,Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.*
B.Rüstəmbəyov