Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydası”nı təsdiqləyib.
Hüquqi Aktların DövlətReyestrinin saytında dərc olunan qayda 5 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.
Qaydaya əsasən, Kredit Bürosunun nizamnamə kapitalı 2 mln. manat məbləğindən az olmamalıdır.
Qaydaya görə, Kredit bürosunun icra orqanının rəhbəri və ya üzvlərinin ali təhsili və ən azı 3 illik idarəetmə təcrübəsinin olmalı, vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir.
Kredit Bürolarının fəaliyyətinə nəzarət MBNP tərəfindən həyata keçirilir. Büro xüsusi formada hesabatı Palataya təqdim etməlidir. MBNP Büronun fəaliyyətinin əsas istiqamətləri üzrə təqdim edilən hesabatın təhlilini həyata keçirir, əldə olunan məlumatların işlənməsini həyata keçirir və potensial riskləri müəyyən edir.
Şərtlərə əsasən, Palata Büroda hərtərəfli və tematik yoxlamalar apara bilər. Hərtərəfli yoxlama 3 ildə bir dəfə, tematik yoxlamalar Palataya daxil olan şikayələtlər əsasında həyata keçirilir.
Büronun fəaliyyətinin yoxlanılması 15 gün ərzində həyata keçirilməlidir.
Hazırda Azərbaycanda özəl Krdeit büroları yoxdur, yalnız dövlət Mərkəzi Kredit Reyestri fəaliyyət göstərir.
2017-ci ilin dekabr ayında Azərbaycanda 8 iri bank tərəfindən “Azərbaycan Kredit Bürosu” MMC təsis edilib.Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub. **
A.Əzizov