“Azərbaycan Dəmir Yolları” (ADY) QSC yanvarın 11-dən etibarən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkətini bərpa edəcək. Bu barədə ADY-nin məlumatında deyilir.
“Qatarın hərəkəti yanvarın 11-dən etibarən yenilənəcək. Reys həftədə bir dəfə - cümə axşamları yerinə yetiriləcək”, - deyə məlumatda bildirilir.
Qatar Naxçıvandan cümə axşamı günü, yanvarın 11-də Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək, yanvarın 12-si saat 14:25-də Məşhədə çatacaq və həmin gün saat 22:00-da yenidən Bakıya dönəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin bazar günləri saat 6-00-da çatacaq.
Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlamış, lakin müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdı.*
N.Abbasova