Bu il yanvarın sonunadək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində yeddi yük körpüsünün tikintisi tamamlanacaq.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib. Terminal Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üzrə I mərhələ çərçivəsində inşa edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
2018-ci ilin birinci rübünün sonunadək isə anbarların, yardımçı binaların, mühəndis-kommunikasiya xətlərinin çəkilməsinin yekunlaşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.
Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük təşkil edir.
Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub.
Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. **
B.Rüstəmbəyov