Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
“Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır”, - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır.
Prezident əlavə edib ki, bu mövqe 2017-ci ilin noyabr ayında Brüsseldə baş tutmuş Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində öz əksini tapıb.
İ.Əliyev Azərbaycanın ordunun inkişafı sahəsində tədbirləri davam etdirəcəyini və yeni silahlar alınacağını bildirib.*
A.Əzizov