2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 mlrd. 141 mln. manat təşkil edib. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98% səviyyəsində icra olunub və müvafiq olaraq 16 mlrd. 447 mln. manat və 17 mlrd. 588 mln. manat təşkil edib”, - deyə o, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Beləliklə, hesabat ilində dövlət büdcəsinin kəsiri 1 mlrd. 141 mln. manat və ya xərclərin 6,5%-ni təşkil edib.
“Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 mln. manat az olub”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 mlrd. 52 mln. manat və ya dövlət büdcəsi xərclərinin 28,7%-i həcmində vəsait yönəldilib. 2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 mlrd. 690 mln. manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651 mln. manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 mlrd. 237 mln. manat vəsait ayrılıb.*
A.Əzizov