2018-ci ildə Azərbaycan iqtisadiyyatına təxminən 15 mlrd. dollar investisiya qoyulacaq. Bunu prezident İlham Əliyev deyib.
"2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 mlrd. dollar sərmayə qoyulub. Bu il ərzində təxminən 15 mlrd. dollar investisiya cəlb olunacaq”, - deyə prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilib. “Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin ediləcək. " Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi, manatın məzənnəsi sabitdir. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək”, - deyə o vurğulayıb.*
A.Əzizov