2018-ci ildə Azərbaycanda Maliyyə Ombudsmanı haqqında” qanunun qəbulu planlaşdırılır. Bu barədə Bank Ombudsmanı İkram Kərimov məlumat verib.
Azərbaycan Banklar Assosiasiyasının məlumatına görə, İ.Kərimov Avropa İttifaqının Azərbaycanda mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertləri ilə görüşüb.
“Görüşün əsas məqsədi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub”, - məlumatda deyilir.
İ.Kərimov görüşdə Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər haqqında məlumat verib və gələcəkdə görülməli olan işlərdən danışıb. “Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlaşdırılan “Maliyyə Ombudsmanı haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğu qonaqların nəzərinə çatdırılıb”, - məlumatda vurğulanır.
Aİ-nin nümayəndəsi Rimantas Simaitis öz növbəsində, Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirib.
“Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları arasında bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi haqqında razılıq əldə olunub”, - məlumatda qeyd edilir. **
A.Əzizov