Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə məqsədilə Təhvil-Təslim Komissiyası yaradılıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Təhvil-Təslim Komissiyası yaradılıb. Təhvil-Təslim Komissiyasına İdarələrin istifadəsində olan əmlakın agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırılıb”, - deyə məlumatda bildirilir.
“Enerji Məsələlərini Tənzimləmə Agentliyi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilib və ləğvetmə prosesinə başlanıb”, - deyə məlumatda qeyd olunur.
Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi prezident İlham Əliyevin 23 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.
Energetika Nazirliyinə bir ay müddətində agentliyin işçilərinin say həddi və əməkhaqqı fonduna dair təkliflər hazırlamaq tapşırılıb.
Agentliyin nizamnamə kapitalı 1 min manat təşkil edəcək. *
N.Abbasova