NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı, ordu generalı Körtis Skaparroti Əfqanıstanda hərbi kontingentin artırılmasına görə Azərbaycana minnətdarlığını bildirib.
K.Skaparroti Azərbaycanın NATO anında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“General K.Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi prezident İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkürünü ifadə edib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2018-ci il yanvar ayında beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.
Bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.
Azərbaycan prezidenti İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verib. **
F.İsazadə