Azərbaycanda barəsində10 sutka inzibati həbs qərarı qəbul edilən rusiyalı alim Dmitri Çulkov bazar ertəsi ölkəsinə yola salınacaq. Bu barədə hüquq-mühafizə orqanlarına istinadən APA agentliyi məlumat verir.
“Rusiya vətəndaşı olan D.Çulkovun Azərbaycanda üzləşdiyi xoşagəlməz hal onun birbaşa özünün törətmiş olduğu xətanın nəticəsi olub. Cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan D.Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib”, - agentlik qeyd edir.
Vurğulanır ki, o, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib.
“Belə olan halda əraziyə polis çağırılıb. Lakin D.Çulkov polisin qanuni tələbinə məhəl qoymayıb”, - agenltik bildirir.
Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra D.Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb.
“D.Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib. Bu gün Dmitri Çulkov barəsində seçilmiş həbs qərarının müddəti başa çatır. O, ölkəsinə yola salınacaq”, - məlumatda deyilir. **
F.İsazadə