“Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək”, - Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bolqarıstanın baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, iqtisadi sahədə hər iki tərəf çalışmalıdır ki, ticarət dövriyyəsinin həcmi artsın.
“Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın.Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var”, - dövlət başçısı deyib.
Prezident vurğulayıb ki, danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub.
“Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrə bərabərdir”, - İ.Əliyev bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq.
“Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq”, - prezident bəyan edib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99%-ə çatıb. Bu layihə Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır.
“Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90%-ə çatıb. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir”, - İ.Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov