Energetika Nazirliyi elektroenergetika və istilik təchizatı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində “Elektroenergetika haqqında” qanun layihəsi işləyib hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Nazirlik tərəfindən həmçinin “İstilik enerjisindən istifadə qaydaları” işlənib hazırlanıb. Hər iki sənəd Nazirlər Kabinetinə göndərilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, səmərəliliyin artırılması tədbirinə uyğun olaraq, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi əsasında tədbirlər planı müəyyənləşdirilib. “İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə İşçi Qrupu yaradılıb.*
B.Rüstəmbəyov