2017-ci il dekabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,46 min ədəd bankomat quraşdırılıb ki, bu da hesabat ilinin əvvəlinə olan göstəricidən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabrın 30-na Bakıda 1,327 min ədəd (artım 0,4%), regionlarda 1,133 min ədəd bankomat (artım 0,1%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə dekabr ayının əvvəlinə onların sayı 66,028 min ədəd (azalma 8,1%) təşkil edib.
Bununla yanaşı, Bakıda 37,857 min ədəd (azalma 6,6%), regionlarda 28,171 min ədəd (azalma 10%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,762 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,1%-i quraşdırılıb.**
N.Abbasova