Ölkədə həyata keçirilən iqtisadi islahatların nəticələrinə əsasən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün tarixə baxılacaq. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev belə hesab edir.
“Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi prosesi nəticə verəndən və iqtisadiyyatın prioritet sahələri stabil artım nümayiş edəndən sonra ÜTT-yə üzvlük üçün konkret zaman çərçivəsi məsələsinə baxıla bilər. Bununla əlaqədar 2020-ci ilə qədər iqtisadi islahatların ilk nəticələri gözlənilir”, - nazir müavini Caspian Energy jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, 2017-ci ilin iyul ayında Azərbaycan nümayəndə heyəti ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqların keçirilməsi üçün Cenevrəyə səfər edib. “Səfər zamanı nümayəndə heyəti ABŞ, Aİ, Yaponiya, Tayland, Braziliya, Rusiya, İsveçrə və Hindistan nümayəndələri ilə mallar və xidmətlərə dair ikitərəfli danışıqlar aparıb. ASK-nin daxili dəstəyi üzrə çoxtərəfli görüş keçirilib, həmçinin nümayəndə heyəti Azərbaycan üzrə İşçi Qrupunun 14-cü iclasının işində iştirak edib”, - M.Məmmədquliyev vurğulayıb. **
B.Rüstəmbəyov