Azərbaycanda 10 sutka saxlanılan rusiyalı alim Dmitri Çulkov artıq ölkəsinə qayıdıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
"Bizdə olan məlumata görə, Rusiya vətəndaşı D.Çulkov artıq Rusiya Federasiyası ərazisindədir”, - deyə səfirliyin nümayəndəsi bildirib.
Qeyd edək ki, D.Çulkov cəbhə bölgəsində yerləşən Göygöl rayonunda qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D.Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb.
Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra D.Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə onun barəsində 10 sutka inzibati həbs qərarı çıxarıb.
D.Çulkov təqsirini boynuna alaraq üzrxahlıq edib. O, yanvarın 15-də RF-yə göndərilməli idi.*
A.Əzizov