2017-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
“Ötən il dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”, - K.Əliyev 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətləri ilə bağlı olub.
Bundan əlavə, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq) cinayət işinə başlanıb.
K.Əliyev qeyd edib ki, 2017-ci ildə Baş İdarə tərəfindən vətəndaşların 7,809 min müraciətinə baxılıb, həmçinin 280 cinayət xarakterli material araşdırılıb.
“Həmin materiallardan 65%-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 35% material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib”, - o vurğulayıb.
“Hesabat dövründə Baş İdarənin “Qaynar xətt” əlaqə mərkəzinə 4,183 min müraciət daxil olub.Daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb”, - K.Əliyev bildirib.
O qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 mln. 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 mln. 575 min manatının və ya 33,03%-nin ödənilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 mln. 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
O həmçinin qeyd edib ki, hazırda korrupsiyada ittiham olunan 44 nəfər axtarışdadır.
“Onlardan 34-ü İnterpol xətti ilə axtarılır”, - K.Əliyev vurğulayıb. **
F.İsazadə