Bakı BMT -nin baş katibi Antoni Quterreş tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“A.Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrəATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik”, - H.Hacıyev mətbuata bildirib.
“BMT baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş qalmasına bəraət qazandırıla bilməz”, - o əlavə edib.
"Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır".
H.Hacıyev xatırladıb ki, 20-ci əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin ərazilərinin 20%-nin işğalı və bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizlənməsi ilə nəticələnib.
“Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir”, - o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. “Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər”, - o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyətlə birgə səylərini davam etdirəcək”, - o əlavə edib. **
F.İsazadə