2018-ci ilin martında Azərbaycan-İran minik avtomobillərinin birgə istehsalına başlanılacaq
“Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri olan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodu mart ayından istehsala başlayacaq”, - deyə “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov AZƏRTAC-a məlumat verib.
Sədr bildirib ki, zavodda artıq son avadanlıqlar quraşdırılır. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır.
“Bu avtomobillər əsasən yerli bazarda satışa çıxarılacaq. Xarici ölkə bazarlarına çıxış imkanları da araşdırılır. Bu istiqamətdə bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar aparılır”, - deyə o qeyd edib.
2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulduğunu deyən E.Axundov qeyd edib ki, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır.
Zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.*
B.Rüstəmbəyov