2017-ci ildə Azərbaycanda müdafiə müəssisələri snayper tüfəngi, qumbaraatan, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalını təşkil ediblər. Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
“Ötən il yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub”, - Y.Camalov 2017-ci ilin yekunları üzrə kollegiya iclasında bildirib.
Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib.
“2017-ci ildə nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10% artım əldə olunub”, - o qeyd edib.
Bununla yanaşı, Y.Camalovun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində qara metal idxalı 12,3% azalıb. **
F.İsazadə