Azərbaycana Rusiyadan yeni partiya müasir hərbi texnika gətirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Cümə günü yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək”, - məlumatda deyilir.
Nazirlik qeyd edir ki, hərbi texnikanın gətirilməsi Azərbaycan ilə Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü planına uyğun həyata keçirilib.
“Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi”, - məlumatda vurğilanır.
F.İsazadə