Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycandan $174 mln.-dam artıq vəsaiti qanunsuz yolla çıxaran cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
“Həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 mln. 731.282 ABŞ dolları, 5 mlrd. 270.227.972 Rusiya rublu, 248 min 915 avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat tədbirləri valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə həyata keçirilib. Cinayətkar şəbəkənin qanunsuz fəaliyyətinin qarşısı alınıb.
Faktla bağlı 3 Azərbaycan, bir Gürcüstan vətəndaşı və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. **
F.İsazadə