Azərbaycan prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Börge Brend əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bazar ertəsi İ.Əliyev və B.Brend Davosda (İsveçrə Konfederasiyası) Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində görüşüblər.
“Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulandı. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirildi”, - məlumatda deyilir.
“İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdi”, - məlumatda vurğulanır.
Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. **
F.İsazadə